Ümumi və qeyri-üzvi kimya kafedrasında növbəti elmi seminar keçirildi

Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Aysel Rəhimova elmi seminarda çıxış etdi. Aysel Rəhimova bildirdi ki, metal komplekslərin sintezi və onların müxtəlif xassələrinin tədqiqinin kimyanın ən müasir sahələrindəndi. Xüsususən keçid elementlərinin müxtəlif liqandlı metal komplekslərin geniş tətbiq sahələrinə malik olduğunu qeyd edərək, stabil komplekslərin sintezinin mexanizmlərindən danışdı. Aysel xanım çıxışının növbəti mərhələsində özünün sintez etdiyi Şiff əsaslı komplekslərin quruluşu, onların alınma üsulları və bioloji xassələrinin tədqiqindən danışdı. Sintez etdiyi bi- və monodentant komplekslərin alınmasının reaksiyaya girən aldehid və aminlərin tərkibində olan müxtəlif funksional qrupların iştirakından asılılığını izah etdi. Aysel Rəhimova Şiff əsaslarının və onların hidrogenləşməsindən alınan yeni liqandlar əsasında sintez edilən komplekslərin quruluş-xassə asılılığını izah etdi. Hər iki liqand əsasında sintez edilmiş eyni metal tərkibli komplekslərin bioloji xassələrindəki fərqi izah edərək, ikiqat rabitənin qırılmasının metalkompleks əmələgətirmə xüsusiyyətləri ilə yanaşı, komplekslərin bioloji xassələrinin də artmasına təsir göstərdiyini izah etdi. Aysel xanım çıxışını apardığı nəzəri və praktiki araşdırmaları müqayisə etməklə yekunlaşdırdı.