Üzvi kimya kafedrasında elmi seminar keçirildi

Elm günü ilə əlaqədar Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının nəzdində olan “Zərif üzvı sintez” ETL-nın aparıcı elmi işçisi Rizvan Əsgərovun “Heterotsiklik selonların sintezi, quruluşu, reaksiyası və bioloji aktivliyi” mövzusunda elmi seminarı keçirilmişdir. Tətbiri giriş sözü ilə açıq elan edən kafedra müdürü akademik Abel Məhərrəmov iştirakçıları salamlamış, ölkəmizdə “Elm günü” və təqdim ediləcək mövzunun əhəmiyyəti barədə məlumat vermişdir. Sonra Rizvan Əsgərov çıxışında heterotsiklik birləşmələrin üzvi kimyanın ən əhəmiyyətli və praktik baxımdan mühüm siniflərindən biri olduğunu qeyd edərək bu istiqamətdə aparılan tədqiqat işləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, heterotsiklik birləşmələr canlı təbiətdə geniş yayılmış olmaqla yanaşı, tibb, farmakologiya və sənayenin müxtəlif sahələrində geniş tətbiq imkanlarına malikdir. Məruzədə ilk dəfə sintez edilmiş və ədəbiyyatda əvvəllər məlum olmayan tetrazol-, 2,3-dihidroxinazolin- və 1,2,4-triazolselon törəmələrinin alınması, onların quruluş xüsusiyyətlərinin öyrənilməsi və tətbiq perspektivlərinin araşdırılması üzrə görülmüş işlərin nəticələri təqdim olunmuşdur. Müəyyən edilmişdir ki, sintez edilmiş birləşmələr müxtəlif üzvi sintezlərdə perspektivli prekursorlar kimi çıxış edir və yeni funksional sistemlərin əldə olunması üçün əlverişli başlanğıc maddələr hesab oluna bilər. Həmçinin göstərilmişdir ki, bu birləşmələrin molekulyar quruluşunda bir neçə donor mərkəzin mövcudluğu onların polidentat liqand kimi istifadə olunmasına və müxtəlif metal ionları ilə koordinasiya birləşmələrinin alınmasına imkan verir. Aparılan tədqiqatların nəticələri qeyd olunan selon törəmələrinin yüksək bioloji aktivlik nümayiş etdirdiyini göstərmişdir ki, bu da onların potensial bioaktiv və farmakoloji əhəmiyyətli maddələr kimi perspektivini təsdiq edir. Tədbir qarşılıqlı müzakirədən sonra sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.