Üzvi kimya kafedrasında elmi seminar keçirilib
15 oktyabr 2024-cü il tarixində Kimya fakültəsində Üzvi kimya kafedrasının doktorantı Bağırova Xanım Natiq qızının “Halogenləşmiş diazabutadien boyaları: sintezi, quruluşu, supramolekulyar xassələri və nəzəri öyrənilməsi” mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Bağırova Xanım qeyd etmişdir ki, son illərdə Supramolekulyar kimya sahəsində geniş tədqiqat işləri aparılmaqdadır və halogen əlaqələri hesabına yaranan supramolekulyar quruluşların özünəməxsusluğu onların bir çox sahələrdə tətbiqinə yol açmışdır. Halogen əlaqələrinin sintetik çevrilmələrdəki yüksək dərəcədə tənzimlənmə qabiliyyəti və istiqamətliliyinin olması, reaksiyaların gedişinə və intermediatların stabilliyinə təsirinin mühüm rolu, halogen saxlayan sistemlərin özünəməxsus birləşmələr kimi geniş istifadəsinə və bu sahəyə olan marağın artmasına gətirib çıxarmışdır. Halogenləşmiş üzvi birləşmələrin özünəməxsus kimyəvi, fiziki və bioloji xüsusiyyətlərə sahib olması onların bir çox sahələrdə, əsasən də katalizdə, supramolekulyar kimyada, kristal dizaynda, qeyri-xətti optika, ağıllı açarların, işığa həssas maye kristalların alınması, farmakologiya və materialşünaslıq elmi kimi sahələrdə əhəmiyyətli tətbiqinə yol açmışdır.
Bunları nəzərə alaraq, 4-F, 4-CI və 4-Br-benzaldehidlərin müvafiq hidrazonlarının CCI4-lə reaksiyasından yeni halogenləşmiş dixlordiazadien törəmələri sintezi edilmiş, kristal dizaynın və supramolekulyar quruluşların formalaşmasında qeyri-kovalent əlaqələrin, əsasən də halogen-halogen qarşılıqlı təsirlərin rolu araşdırılmışdır. Bu məqsədlə sintez edilən birləşmələrin monokristallarının yetişdirilməsi və əldə edilmiş monokristalların RQA və Hirşfeld Səth Analiz metodları vasiltəsilə tədqiq edilməsi, kristalda qeyri-kovalent əlaqələr hesabına yaranmış supramolekulyar quruluşların öyrənilməsində Baderin Molekulda Atomların Kvant Nəzəriyyəsindən (QTAIM), Elektron sıxlığının paylanmasının topoloji analizindən və Funksional Sıxlıq Nəzəriyyəsi (DFT) hesablamalarından istifadə edilmiş və dixlordiazadienlərin fizioloji aktivliklərinin tədqiqi məsələləri həll edilmişdir.
Bağırova Xanım geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, sintez edilmiş maddələr polifunksional birləşmələr olub güclü antimikrob xassələri baxımından dərman maddələri, azo boyalar, həmçinin kimyəvi proseslərin öyrənilməsində və gələcəkdə yeni birləşmələrin alınması üçün reaktantlar kimi tətbiq oluna bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.