Valeh İsmayılovun 80 yaşı tamam olur
Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Valeh Mehralı oğlu İsmayılovun 2023-cü il mart ayının 15-də 80 yaşı tamam olur.
Valeh İsmayılov 1966-cı ildə Kazan Kimya-texnologiya institutunu bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya institutuna göndərilmiş, burada assistent vəzifəsində çalışmışdır. 1967-ci ildə Kazan kimya-texnologiya institutunun aspiranturasına daxil olmuşdur, 1970-ci ildə vaxtından əvvəl “Alkoksivinilfosfon turşularının törəmələrinin sintezi, qurluşu və çerilmələri” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elimlər namizədi adını almışdır. Valeh İsmayılov 1971-ci ildən Azərbaycan Dövlət Universitetinin Üzvi kimya kafedrasında baş laborant, 1972-ci ildən assistent, baş müəllim, 1979-cu ildən dosent vəzifələrində çalışmışdır. O, 1985-ci ildə Ukrayna SSR EA-nın Üzvi Kimya institutunda “α-Fosforilkarbonil birləşmələrin sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiyası işini müdafiə etmiş, 1986-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Üzvi kimya kafedrasında professor vəzifəsində işləyir.
Valeh İsmayılov 1988-1993-ci illərdə kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin nəzdindəki ED2.16 Dissertasiya Şurasının sədri olmuşdur. Rəhbərliyi altında 16 fəlsəfə doktoru müdafiə etmiş, 4 elmlər doktoruna məsləhətçi olmuşdur. Elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq onun 310-dan çox elmi əsəri, o cümlədən 25 müəlliflik şəhadətnaməsi, 5 dərslik və dərs vəsaiti işıq üzü görmüşdür.
Valeh İsmayılov 2009-cu ildə BDU-nun 90 illiyi ilə əlaqədar “Tərəqqi” medalına layiq görülmüşdür.
Valeh İsmayılov dəfələrlə ölkəmizi xaricdə beynəlxalq konfrans və simpoziumlarda təmsil etmiş, fosfor-üzvi birləşmələr sahəsində dünyada tanınmış alimdir.
Valeh Mehralı oğlu İsmayılovun 80 yaşının tamam olması münasibətilə təbrik edirik!