“WUF13 infosession” tədbiri keçirildi

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “WUF13 infosession” tədbiri uğurla baş tutmuşdur. Tədbirdə TEC sədri Dərya Həsənova çıxış edərək BMT-nin Dünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) barədə geniş məlumat vermiş, forumun qlobal şəhər problemlərinin həllində və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılmasında əhəmiyyətini vurğulamışdır. O, həmçinin gənclərin şəhərsalma və memarlıq sahəsində fəal iştirakının vacibliyini qeyd etmiş, tələbələri beynəlxalq təşəbbüslərə qoşulmağa və bu istiqamətdə biliklərini artırmağa çağırmışdır. Tədbirin məqsədi iştirakçıları WUF13 barədə məlumatlandırmaq və şəhərsalma, urban inkişaf, dayanıqlı yaşayış sahəsində aktual mövzulara diqqət çəkmək olmuşdur. Gənc tələbələr və fəal iştirakçılar forumun əhəmiyyəti, gələcəkdə bu sahədə həyata keçiriləcək təşəbbüslər barədə ətraflı məlumat əldə etmişlər. Tədbir çərçivəsində tələbələr interaktiv müzakirələrdə iştirak etmiş, fikir mübadiləsi aparmış və şəhərsalma ilə bağlı perspektiv layihələr barədə məlumatlandırılmışlar. Bu təşəbbüs tələbələrin şəhərsalma və memarlıq sahəsinə olan marağını artırmaqla yanaşı, onların praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Təşkilatçılar belə tədbirlərin davamlı olaraq həyata keçiriləcəyini və gənc nəsillərin şəhərsalma və memarlıq sahəsində fəal iştirakını təşviq edəcəyini vurğulamışlar.