“Yeni tariximizin zəfər yolu”
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı, Kimya könüllüləri və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Yeni tariximizin zəfər yolu” adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli Zəfər günü münasibəti ilə Ali Baş komandan İlham Əliyev başda olmaqla xalqımızı təbrik etdi, 44 günlük vətən müharibəsində qazanılan zəfərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılmış bir haqq savaşı olduğunu, Azərbaycanın qarşısına qoyduğu məqsədə nail olduğunu bildirmişdir.
Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Üzvi kimya kafedrasının müəllimi Namiq Şıxəliyev, Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli Müzəffər Ali Baş Komandan-İlham Əliyevin rəhbərliyi və xalqımızın dəstəyi ilə Rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli mübarızə yolundan, beynəlxalq müstəvidə qazanılan uğurlardan, regionda Azərbaycanın sülhə və təhlükəsizliyə verdiyi töhfədən, şanlı zəfərə imza atan qəhrəman oğullardan söhbət acdılar və tələbələri informasiya müharibəsində aktiv iştirak etməyə dəvət etdilər.
Tədbirdə Kimya fakültəsi I kurs tələbələri Seyidəliyeva Dəniz, Məmmədova Zəhra “Zəfər günü” mövzusunda təqdimat etmişdir.
Tədbirdə “Cənab leytnant”, “Torpağın səsi”, “Azərbaycan” adlı musiqili və rəqs çıxışları ilə Milana İdrisova, Sunay Mustafazadə, Ayxan Məmmədov,Günel Hətəmova, Məhluqə Məsimova , Yasəmən Qasımlı tədbirdə iştirak etmişdirlər.
Sonda Kimya fakültəsinin birinci kurs tələbəsi Aidə Kərimovanın hazırladığı videoçarx təqdim olunub.