Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin Kimya fakültəsində akademik Yusuf Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Aynurə Kərimovanın “Maqnit dərman çatdırılma sistemi: Xərçəng müalicəsində terapevtik effektliyin artırılması” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri Rasim Alosmanov iştirakçıları salamlamış, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin davam etdirildiyini bildirmişdir. O, qeyd etmişdir ki, müasir polimer kimyasının mövcud istiqamətlərindən biri də müxtəlif polimerlərin nanohissəciklərin stabilləşdirilməsində istifadəsidir. Bu üsulla hazırlanmış quruluşlar tibb sahəsində geniş tətbiq olunur. Bugünkü seminarda kafedranın əməkdaşı Aynurə Kərimovanın çıxışı bu cəhətdən çox önəmlidir. Tədbirin davamı olaraq Aynurə Kərimova nanohissəciklərin köməkliyi ilə dərman müalicəsinin dəyişdirilməsi barədə həm icmal xarakterli məlumatlar vermis, həm də Almaniyanın Manhaym Klinik Universitetinin Sarkoma şöbəsinin elmi-tədqiqat laboratoriyası ilə aparılmış tədqiqatın nəticələri barədə danışmışdır. Dərman daşıyıcıları kimi nanohissəciklərin xərçəng əleyhinə imkanlarının artırılması, yüklənmə effektivliyi, dərman və daşıyıcı nisbəti, sintez metodu da daxil olmaqla müxtəlif parametrlərin tənzimlənməsi hazırda aktual məsələlərdən sayılır. Tədqiqat işində də səthi dekstran polimeri ilə örtülmüş və müxtəlif miqdarlarda dərman yüklənmiş dəmir oksid nanohissəciklərinin hazırlanması, müxtəlif analitik metodlarla fiziki-kimyəvi xassələrinin tədqiqi, həmçinin, hüceyrə xətləri üzərində aparılmış bioloji analizlərin nəticələri müzakirə edilmişdir. Müzakirə zamanı dərman yüklü nanosistemlərin quruluş-funksiya əlaqələrinə dair fikir mübadiləsi aparılmış və gələcəkdə aparılacaq işlər barədə məlumat verilmişdir. Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.