Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi
-lg.jpg)
27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının magistrantı Rzayeva Nərmin Firuz qızının “Kimyanın tədrisində şagirdlərdə kreativ düşünmənin inkişaf etdirilməsi və layihə əsaslı öyrənməyə müasir yanaşmalar” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi Əşrəfli Günel qeyd etmişdir ki, müasir təhsil sistemində əsas prioritetlərdən biri şagirdlərdə kreativ düşünmə bacarıqlarının formalaşdırılması və onların müstəqil tədqiqat aparmaq qabiliyyətinin inkişaf etdirilməsidir. Xüsusilə kimya fənninin tədrisində yaradıcı təfəkkürün inkişafı yalnız nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşmır, eyni zamanda problemlərin qeyri-standart həlli, analitik və tənqidi yanaşmanın formalaşdırılması, eləcə də praktik fəaliyyət bacarıqlarının inkişafı ilə sıx bağlıdır. Təqdim olunan mövzuda kimya dərslərində kreativ düşünmənin inkişaf etdirilməsinin pedaqoji və metodoloji əsasları təhlil edilir, yaradıcı təlim mühitinin formalaşdırılması yolları araşdırılır. Layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) müasir təlim modeli kimi kimya dərslərində tətbiq imkanları baxımından əsaslandırılır və onun şagirdlərin elmi savadlılıq, əməkdaşlıq, problem həlli və tədqiqat bacarıqlarına təsiri izah olunur. Seminar çərçivəsində layihə əsaslı öyrənmənin mərhələləri, layihə mövzularının seçilməsi prinsipləri, qiymətləndirmə mexanizmləri və reflektiv təhlilin rolu nəzərdən keçirilir. Eyni zamanda rəqəmsal resursların və innovativ texnologiyaların layihə fəaliyyətində tətbiqi imkanları göstərilir. Nəticə olaraq vurğulanır ki, kimyanın tədrisində layihə əsaslı və yaradıcı yanaşmaların tətbiqi şagirdlərin fəallığını artırır, onların elmi düşünmə və kreativ problemlərin həlli bacarıqlarını inkişaf etdirir, həmçinin təlim prosesini real həyatla əlaqələndirərək davamlı və səmərəli öyrənmə mühiti yaradır. Elmi seminarda qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.